Hindistanda koronavirusa qarşı istiliyə davamlı vaksin yaradılır
Bakı, 16 aprel, AZƏRTAC
Hindistanlı mütəxəssislər koronavirusa qarşı istiliyə davamlı vaksin üzərində iş aparırlar. Bu vaksinin daşınması üçün xüsusi soyuducu sistem tələb olunmayacaq. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumatı NDTV telekanalı şənbə günü açıqlayıb.
Yeni preparat üzərində Banqaloradakı Hindistan Elmi İnstitutu və “Mynvax” şirkəti işləyir. Bu vaksin dörd həftə ərzində 37 dərəcə temperaturda və 90 dəqiqə ərzində suyun qaynama temperaturunda (100 dərəcə) saxlanıla bilər. Mütəxəssislərin sözlərinə görə, siçanlar üzərində sınaqdan keçirilmiş yeni preparat koronavirusun müxtəlif variantlarına, o cümlədən “delta” və “omikron” ştamlarına qarşı anticisimlərin güclü cavabını yaradır.
Britaniya-İsveç şirkəti və Oksford Universiteti tərəfindən yaradılmış, Hindistan vaksinlər İnstitutu tərəfindən buraxılan preparat 2-8 dərəcə temperaturda saxlanmalıdır. Müqayisə üçün xatırladaq ki, Hindistanda istifadə edilən “Sputnik V” Rusiya preparatı 2-5 dərəcə temperaturda, Amerika istehsalı olan “Pfizer” vaksini isə mənfi 70 dərədə temperaturda xüsusi rejimdə saxlanılmalıdır.
Yeni vaksini yaradanlar bildirirlər ki, onun istiliyə davamlılığı vaksinlərin qeyri-bərabər paylanması probleminin həlli, eləcə də soyutma zəncirləri sistemi inkişaf etməmiş, gəlir səviyyəsi aşağı olan ölkələrin COVID-19-a qarşı preparatlarla təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.