Hindistanlı könüllü: Bakı Şəhər Halqasında fəaliyyət göstərmək mənim üçün çox gözəl təcrübədir
Bakı, 25 sentyabr, AZƏRTAC
Formula 1-in böyük azarkeşiyəm və yarışların pərdəarxasında baş verənləri yaxından görmək istədiyim üçün könüllü proqrama müraciət etdim.
AZƏRTAC xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran-Prisində beynəlxalq könüllü kimi fəaliyyət göstərən Hindistan vətəndaşı Amulya Pallavi Kolla deyib.
O bildirib ki, Bakıda ilk dəfə könüllü kimi çalışır: “Hindistanda daha əvvəl könüllülük təcrübəm olub. Bakı Şəhər Halqasının könüllülük proqramına müraciət etməyimin əsas səbəblərindən biri Formula 1 azarkeşi olmağımdır. Müsahibə prosesi və komanda rəhbərləri ilə koordinasiya çox yaxşı keçdi. Buraya gələnədək bütün proses kifayət qədər rahat və yüksək səviyyədə təşkil olunmuşdu. Dil çətinliyi də yaşamadım və hər kəsi rahat başa düşə bildim”.
A.Kolla “Spectator Services” komandasında fəaliyyət göstərdiyini qeyd edib: “Bir çox azarkeşlə tanış olmaq və onların bu idman növü ilə necə qarşılıqlı əlaqədə olduğunu görmək mənim üçün böyük təcrübədir. Yarışların pərdəarxasında baş verənləri izləmək də çox maraqlıdır. Könüllülük proqramına daha çox insanın müraciət etməsini və bu təcrübəni yaşamasını mütləq tövsiyə edərdim”.
“Bakı Şəhər Halqasında beynəlxalq könüllü kimi fəaliyyət göstərmək mənim üçün çox gözəl təcrübədir”, – deyə A. Pallavi Kolla əlavə edib.
Müxbir - Cavid Əliyev