HİROSİMA VƏ NAQASAKİ OLİMPİADA-2020-NİN EV SAHİBİ OLMAQ ARZUSUNU BİLDİRMİŞLƏR
Bakı, 12 oktyabr (AZƏRTAC). Yaponiyanın Hirosima şəhərinin meri Tadatosi Akiba və Naqasaki şəhərinin meri Tomihisa Taue bildirmişlər ki, onlar 2020-ci ilin yay Olimpiadasının keçirilməsi üçün birgə sifariş verməyi planlaşdırırlar. Akiba əvvəllər də oxşar təşəbbüslə çıxış etmişdi. Məsələn, sentyabr ayında Mexikoda keçirilmiş nüvə silahının yayılmasına qarşı mübarizə məsələlərinə həsr edilmiş konfransda Akiba dünyadakı bütün nüvə cəbbəxanalarının ən geci 2020-ci ilə qədər məhv olunmasını təklif etmişdi. Onun ideyasına görə, bu kampaniyanın uğur qazanmasını atom silahından ən çox zərər çəkmiş şəhərlərdə Olimpiada keçirməklə bayram etmək olardı.
Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına görə, Olimpiya oyunlarının eyni vaxtda iki şəhərdə keçirilməsi nəzərdə tutulmur. Lakin bir dəfə bu qaydalardan istisna olmuşdur: 2008-ci ildə Pekində yay Olimpiadası dövründə atçılıq idmanı yarışları Honkonq ərazisində keçirilmişdir.
2020-ci il Olimpiya oyunlarının ev sahibi olmaq istəyini bildirmiş şəhərlər arasında Hirosima və Naqasakidən başqa İstanbul, Budapeşt və Dehli də var. Tokionun bu barədə sifariş verib-verməyəcəyi hələ məlum deyil. Olimpiadanın harada keçiriləcəyi barədə qərar 2013-cü ildə qəbul ediləcəkdir.
Olimpiya oyunlarının tarixində Yaponiya şəhərləri beş dəfə bu oyunların keçiriləcəyi yer kimi seçilmiş, lakin Yaponiyada real yarışlar yalnız üç dəfə baş tutmuşdur. 1940-cı ildə qış Olimpiya oyunları Sapporoda, yay Olimpiya oyunları isə Tokioda keçirilməli idi, lakin hərbi əməliyyatlar ucbatından hər iki olimpiada ləğv edilmişdir. Sonralar bu iki şəhər özlərinin həmin hüququnu həyata keçirməyə nail olmuşlar: 1964-cü ildə yay Olimpiadası Tokioda, 1972-ci ildə isə qış Olimpiadası Sapporoda keçirilmişdir. Yaponiya ərazisində axırıncı Olimpiya oyunları 1998-ci ilin qışında Naqanoda təşkil edilmişdir.
Xatırladaq ki, 1945-ci il avqustun 6-da amerikalı təyyarəçilər Hirosimaya atom bombası atmış, üç gün sonra isə Naqasaki şəhərini bombardman etmişlər. Təxmini hesablamalara görə bilavasitə partlayışlar zamanı və sonradan şüa xəstəliyi nəticəsində 220 minə yaxın insan həlak olmuşdur.