Hövsan qəsəbəsində 160 nəfər oftalmoloji müayinədən keçib
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 15-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Hövsan qəsəbəsində tibbi aksiya keçirib.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində 160 nəfər müayinə edilib. Müayinə olunanların əksəriyyətini məktəblilər təşkil edib. Müayinələr zamanı xəstələrə presbiopiya, allergik konyunktivit, miopiya, quru göz sindromu və sair üzrə diaqnozlar qoyulub.
Məktəblilərin dərsdən sonra həkimə müraciət etmək üçün vaxtlarının məhdudluğunu nəzərə alaraq həmin zamana qənaət üçün müayinələr səyyar formada keçirilib. Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Lalə Məmmədova və Rəvanə Həsənova tərəfindən aparılıb.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd korluğun qarşısını almaq, görmə patologiyasının erkən diaqnostikasını aşkarlamaq, əldə olunan nəticələri müzakirə və həll etməkdən ibarətdir.