Humanitar Kollecin “Səhnədə işıqlar yananda” adlı hesabat konserti maraqla qarşılanıb
Bakı, 28 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş “Səhnədə işıqlar yananda” adlı təntənəli hesabat konserti baş tutub.
Bu barədə AZƏRTAC-a Humanitar Kollecdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, MÜTDA nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyətinin təmsilçiləri, digər kolleclərin direktorları və əməkdaşları iştirak ediblər.
Konsertin rəsmi hissəsində çıxış edən Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, kollecin uğurları və ona göstərilən diqqət və qayğıdan söz açıb. O, yaxın zamanda 90 illik yubileyini qeyd etməyə hazırlaşan Humanitar Kollecin zəngin ənənələrinin uğurla davam etdirildiyini bildirib.
Sonra Humanitar Kollecin müəllimi, bədii rəhbər Ədalət Behbudovun idarə etdiyi ansamblın müşayiəti ilə rəngarəng konsert proqramı təqdim olunub. Səhnədə milli musiqi nümunələri ilə yanaşı, dünya klassikləri və müasir kompozisiyalar səsləndirilib. “Rəng”, “Bulaq suyu, dağ havası”, “Tez gəl”, “Hit the Road Jack”, “Yadıma düşdü”, “Quizás”, “Bayatı-Şiraz kompozisiyası”, “Zəngəzur” və “Səhnədə işıqlar yananda” kimi müxtəlif janrlı bədii nömrələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsert proqramı “Mehriban insanlar” mahnısı və bütün tələbələrin birgə ifasında səslənən möhtəşəm “Ey Azərbaycanım” final nömrəsi ilə yekunlaşıb.