“IBM” şirkəti Azərbaycan bazarında yüksək artıma nail olub
Bakı, 21 noyabr, AZƏRTAC
“IBM” şirkəti Azərbaycan bazarında müxtəlif istiqamətlər üzrə yüksək artıma nail olub.
Bunu AZƏRTAC-a şirkətin Bakı nümayəndəliyinin rəhbəri İlya Kravtsov deyib. O bildirib ki, artım təhlil, konsaltinq və təhlükəsizlik texnologiyaları sahələrində baş verib. “Qeyd edilən həllərimiz əsasən dövlət və bank sektorunda tətbiq edilib. “IBM” optimallaşdırılmış, effektiv biznes və texnoloji həllər təqdim edir. “Bulud” sistemində saxlanılan sənədlərin və məlumatların məxfiliyinin zəmanətli olmasını istəyən dövlət və korporativ müştərilərin maraqlarına cavab vermək üçün “IBM” yerli data mərkəzlərlə əməkdaşlıq etməyə hazırdır. Çünki məlumatların lokal data mərkəzlərində yerləşdirilməsi təhlükəsizlik, keyfiyyət və məhsuldarlıq standartlarına cavab verir”, - deyə İ.Kravtsov bildirib.
“IBM”in Bakı nümayəndəliyinin rəhbəri gələcək planlar haqda məlumat verərək bildirib ki, şirkət 2016-cı ildə informasiya texnologiyalarının ənənəvi istifadəçisi olan bank sektoru ilə işləməyə davam edəcək. “Bulud” və digər təhlükəsizlik texnologiyaları tətbiq olunacaq. Dövlət qurumları, sığorta şirkətləri, neft-qaz sahəsi, sənaye müəssisələri ilə əməkdaşlıq ediləcək.
Qeyd edək ki, əsası 1911-ci ildə qoyulan “IBM” (International Business Machines) texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli ABŞ şirkətidir. “IBM” korporasiyasının ölkəmizdə nümayəndəliyi bu ilin mart ayında açılıb.