ICESCO-nun sosial və humanitar elmlər üzrə ekspertlər şəbəkəsi təsis edilib
Bakı, 8 may, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və onun nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) təşəbbüsü ilə təşkilatın müsəlman aləmində bütün müvafiq tərəflər arasında əlaqələr yaratmaq məqsədi daşıyan yeni strukturu - sosial və humanitar elmlər üzrə ekspertlər şəbəkəsi təsis edilib. Bu strukturun yaradılmasında məqsəd İslam dünyası və onun hüdudlarından kənarda baş verən sosial transformasiyaların düzgün anlaşılmasını təşviq etmək və insan kapitalından səmərəli istifadə üçün strategiyaları, siyasətləri və proqramları təkmilləşdirməkdir.
AZƏRTAC xəbər verir ki, ICESCO-nun Rabatdakı baş qərargahında keçirilən təsis mərasimində İslam ölkələrinin yüksək səviyyəli rəsmiləri, akademiklər, sosial və humanitar elmlər üzrə ekspertlər və ziyalılar iştirak edib.
Təşkilatın Baş direktoru Salim bin Məhəmməd Əl-Malik mərasimdəki çıxışında bildirib ki, hazırda dünyanın üzləşdiyi çağırışların fonunda yaranan boşluqları aradan qaldıra, bərabər və inklüziv cəmiyyətlər yarada bilən innovativ həllərə təcili ehtiyac var. O vurğulayıb ki, bu şəbəkə Sosial və Humanitar Elmlər üzrə Mütəxəssislər Təşkilatının insan kapitalının gücləndirilməsi və üzv dövlətlər üçün bilik çırağı kimi xidmət edən təcrübəsini əks etdirir. Baş direktor əlavə edib ki, yeni strukturda toplanmış təcrübələrdən istifadə etmək və sosial və humanitar elmlərin praktik tətbiqi istiqamətində ən yaxşı təcrübələri bölüşmək üçün ekspertlər cəlb olunacaq. Eyni zamanda, rifah və tərəqqiyə nail olmaq üçün qərar qəbul edən şəxsləri ən son biliklərlə təchiz etmək məqsədilə ekspertlər, alimlər və tədqiqatçılar arasında sıx koordinasiya şəraiti yaradılacaq.
Mərasimdə iştirak edən bis sıra İslam ölkələrinin nazirləri və sosial sahə üzrə ekspertlər müasir dövrdə ağır sosial problemlərin həll olunması üçün alimlərin, yüksək səviyyəli mütəxəssislərin məsləhətlərinə ehtiyac duyulduğunu, bu kontekstdə təşkilata üzv dövlətlərin hökumətləri ilə birgə məsləhətləşmə və iclasların keçiriləcəyini bildiriblər.