İcma nümayəndəsi: “Novruz bayramını yenidən Qərbi Azərbaycanda qeyd edəcəyimizə ürəkdən inanırıq”
Bakı, 20 mart, AZƏRTAC
Bolluğun, bərəkətin, həmrəyliyin rəmzi olan Novruz bayramı paytaxt Bakıda və ölkəmizin hər bir guşəsində təmtəraqla qeyd olunur.
AZƏRTAC xəbər verir ki, milli ənənələrimizin bayramı olan Novruz Qərbi azərbaycanlıların ən çox məskunlaşdığı Nərimanov rayonunda da ruh yüksəkliyi ilə qeyd edilib. Tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Nərimanov parkında keçirilən tədbirdə sərgi və bayram konserti təşkil edilib. Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının rəhbəri Təmraz Tağıyevin bildirib ki, bu bayram tədbiri bir daha nümayiş etdirdi ki, uzun illər yurd həsrəti çəkən Qərbi azərbaycanlılar bu illər boyu öz milli adət-ənənələrini qoruyub saxlayıb, böyüməkdə olan nəslə ötürə biliblər: “Təşkilat olaraq daim əlaqə saxladığımız rayonumuzun ən yaşlı xanımı 102 yaşlı Fatma İsmayılova da bu adət ənənələrini daim qəlbində yaşatmaqla hər birimizdə bir ümid çırağı yandırıb. Bu gün hər bir Qərbi Azərbaycanlının xatirələrində o illərin adət ənənələrinin xüsusi yeri var. Hər birimiz Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində doğma yurda qayıdacağımız günü səbirsizliklə gözləyirik. İnanırıq ki, o gün uzaqda deyil.