Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub
Bakı, 5 sentyabr, AZƏRTAC
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, budəfəki yarışda starta 10 Qarabağ və 10 Dilbaz atı çıxıb.
3 yaşlı Qarabağ atlarının 1400 metr məsafəyə qaçışında Ramal Əliyev “Yıldız” ləqəbli atla finişi birinci keçib. Hilal Nəzərovun “Asya” atı 2-ci, Orxanbəy Hacıyevin çapdığı “Kalibr” atı isə 3-cü olub.
Buna baxmayaraq, Orxanbəy Hacıyev 4 yaşlı Dilbaz atlarının 1800 metr məsafəyə yarışında “Zəmzəm” atı ilə uğur qazanıb. Ramil Əliyev isə bu nominasiyada “Tomris” atı ilə 2-ci olub. İlk qaçışdakı qalib üçlük bu yarışda da fəxri kürsünü bölüşüb. Hilal Nəzərov “Lavin” atı ilə üçüncü olub.
Orxanbəy Hacıyevin “Xatun” və Hilal Nəzərovun çapdığı “Sultan” atı 5 yaş və daha böyük Qarabağ atlarının 2000 metr məsafəyə yarışında finişi bu ardıcıllıqla keçib. Mahmud Ağazadə “Pablo” atı ilə üçüncü olub.
Günün ən maraqlı mübarizəsi 5 yaş və yuxarı Dilbaz atlarının yarışında qeydə alınıb. Hilal Nəzərovun “Bar-Bar”, Ramal Əliyevin “Senator” və Sadiq Azayevin “Dərviş” atı 2 saniyə ərzində finiş xəttini bu ardıcıllıqla keçib.
Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışları sentyabrın 19-da keçiriləcək.