Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq
Bakı, 5 sentyabr, AZƏRTAC
Şəhidlərin adını yaşatmaq istəyi təqdirəlayiq haldır. Lakin bu, tarixi və təbii irsə zərər vuran üsulla həyata keçirilməməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun oğlu Vaqif Qasımov söyləyib.
Vaqif Qasımov Şuşada tarixi və təbii ərazilərdə qayaların, daşların üstünə müxtəlif yazıların həkk olunması ilə bağlı narahatlığını ifadə edərək deyib: “Şəhidlərin xatirəsi bizim üçün çox müqəddəsdir. Amma düşünürəm ki, onların adlarını qayalara, daşlara və tarixi yerlərə yazmaqla xatirələrini yaşatmış olmuruq. Əksinə, həmin yerlərə zərər vururuq. Biz Şuşanın hər daşını, hər divarını qorumalıyıq. Çünki bunlar bizim tariximizdir və gələcək nəsillər də bu irsi görməli, tanımalı və qorumalıdır”.
Şəhid övladı vurğulayıb ki, Vətən uğrunda həyatını itirən insanların xatirəsinə ehtiram ilk növbədə onların uğrunda can verdiyi torpağa və milli irsə sahib çıxmaqdan keçir. Onun fikrincə, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün ölkədə bununla bağlı xüsusi memoriallar, parklar, xiyabanlar və digər məkanlar yaradılıb və bu məsələdə müəyyən olunmuş qaydalara əməl olunmalıdır.
“Şəhidimizin adına hörmət etmək istəyiriksə, onun uğrunda can verdiyi Vətəni qorumalıyıq. Məncə, ən böyük ehtiram budur”, - deyə müsahibimiz vurğulayıb. O diqqətə çatdırıb ki, xüsusilə Şuşa kimi tarixi və mədəni əhəmiyyət daşıyan şəhərdə hər bir vətəndaş öz davranışına daha məsuliyyətlə yanaşmalıdır. Belə hallara qarşı cəmiyyətin münasibəti də prinsipial olmalıdır. Şəhidlərin adını yaşatmaq üçün tarixi və təbii məkanlara zərər vurulması normal hal deyil, hər kəs öz hərəkətinin məsuliyyətini dərk etməlidir.
“Biz şəhidlərimizin adını daşa yazmaqla yox, onları tanıtmaqla, xatirələrini yaşatmaqla və onların uğrunda can verdiyi torpağı qorumaqla ucalda bilərik. İstəyərdim ki, Şuşaya gedən hər bir insan oradan bir xatirə ilə qayıtsın, amma həmin xatirəni şəhərin daşında və qayasında qoymasın”, - deyə Vaqif Qasımov bildirib.
“Şuşaya gedən hər bir insan unutmamalıdır ki, bura sadəcə gəzmək üçün bir məkan deyil. Buranın hər daşının, hər divarının öz tarixçəsi var. Biz buraya qonaq kimi deyil, həm də bu tarixin qoruyucusu kimi yanaşmalıyıq”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Müxbir - Tünzalə Arazlı