İCTİMAİ BİRLİK QAZAX ƏRAZİSİNDƏKİABİDƏLƏRİN BƏRPASINA BAŞLAYIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda Mədəniyyət Nazirliyinin, AMEA-nın, konfederasiyaya daxil olan müxtəlif qurumların nümayəndələri iştirak edirdilər.
Konfederasiyanın prezidenti Şəhriyar Rəsulov qonaqları salamlayandan sonra tədbirin məqsədini açıqlayaraq demişdir ki, Milli Mədəni İrslərin Öyrənilməsi İctimai Birliyi Qazax rayonu ərazisindəki tarix və memarlıq abidələrinin bərpası ilə əlaqədar layihə hazırlamışdır. Layihəyə əsasən, ərazidəki abidələr Mədəniyyət Nazirliyinin müvafiq qurumunun və AMEA-nın mütəxəssisləri tərəfindən bir daha dəqiqləşdiriləcək, onların bərpası planı tərtib ediləcək və işlərə başlanılacaqdır. Layihənin müddəti üç ildir. Bərpa işləri donorların vəsaiti hesabına görüləcəkdir.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Rizvan Bayramov, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova, Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova, Avey Dövlət Qoruğunun direktoru Tofiq Saleh, adı çəkilən ictimai birliyin sədri Fərman Əliyev Qazax rayonu ərazisindəki tarix, memarlıq və mədəniyyət abidələri-alban məbədləri, Didivan qülləsi, Damcılı mağarası və başqaları haqqında, kurqanlar barədə məlumat vermiş, onların bərpasının, dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasının zəruriliyini vurğulamışlar. Natiqlər Milli-Mədəni İrslərin Öyrənilməsi İctimai Birliyinin təşəbbüsünü alqışlamış, gələcəkdə belə layihələrin respublikanın digər bölgələrində də reallaşdırılmasını arzulamışlar. Eyni zamanda təklif olunmuşdur ki, tarix, memarlıq və mədəniyyət abidələri ilə əlaqədar əhali arasında izahat işləri aparılsın, telekanallarda bu mövzuda xüsusi verilişlər təşkil edilsin.
KİV nümayəndələrinin suallarına cavab verilmişdir.