İDMAN
İctimai Televiziya Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri yarışının rəsmi tərəfdaşı olacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov ilə İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə İ.Rəhimov Azərbaycanda Paralimpiya hərəkatı, bu sahədə görülən işlərlə bağlı məlumat verib. O qeyd edib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud insanların idmanla məşğul olması, yerli və beynəlxalq yarışlara qatılması üçün hər cür şərait yaradılıb. Minlərlə vətəndaşımız Paralimpiya hərəkatına qoşulub, ən mötəbər beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırır.
İ.Rəhimov bildirib ki, belə beynəlxalq yarışlardan biri də mayda Bakıda keçiriləcək. Mayın 13-14-də Bakıda paracüdo üzrə Qran-Pri yarışı baş tutacaq. Şəhərimizdə ilk dəfə keçiriləcək bu mötəbər yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.
İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov Azərbaycanda Paralimpiya hərəkatını izlədiyini qeyd edib və idmançılarımızın uğurlarından söz açıb. O deyib ki, İctimai Televiziya Azərbaycanda sosial layihələrə hər zaman diqqətlə yanaşır, fiziki məhdudiyyəti şəxslərin cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən bütün işləri dəstəkləyir.
Söhbət zamanı İctimai Televiziya ilə AMPK arasında əməkdaşlıq memorandumunun imzalanması barədə ilkin razılıq əldə edilib. Əməkdaşlıq çərçivəsində İctimai Televiziya Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri yarışını canlı yayımlayacaq.