İdman jurnalistləri üçün “Dopinqlə mübarizə” mövzusunda təlimlər başlayır
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizə sahəsinin ən aktual mövzularına dair təlimlərə başlayır.
AZƏRTAC AİJF-yə istinadla xəbər verir ki, idman jurnalistləri üçün təlimlər iki mərhələdən ibarət olacaq. Əvvəlcə mayın 12-də açıq vebinar keçiriləcək. Saat 14:00-da başlanacaq vebinar bir saat davam edəcək. Vebinarda antidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması, qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, respublika idman federasiyalarının öhdəlikləri, antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qərarların yoxlanılması, WADA-nın Məcəlləsi və ölkələrə tələbləri üzrə mövzular müzakirə olunacaq.
Vebinara qoşulmaqla jurnalistlər antidopinq mövzusunda biliklərini artıra və onları maraqlandıran suallarla bağlı müzakirə apara bilərlər.
Qeydiyyatdan keçmiş jurnalistlər üçün təlimlər karantin rejimi bitdikdən sonra seminar formasında davam etdiriləcək. Seminarın yekununda isə jurnalistlərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunacaq.
İdman jurnalistləri ad, soyad, təmsil etdiyi KİV, e-mail ünvanı və mobil telefon nömrəsini [email protected] e-mail adresinə göndərməklə qeydiyyatdan keçə və vebinara qoşulmaq üçün linki əldə edə bilərlər.