İƏT-ə üzv ölkələrdə rəqəmsal transformasiyanın inkişafına dair sənəd imzalanıb
Bakı, 10 may, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha və Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl Yahya təşkilatın Baş Qərargahında əməkdaşlığa dair anlaşma Memorandumu imzalayıblar.
AZƏRTAC İƏT-in Baş katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, bu Memorandum təşkilata üzv dövlətlərdə rəqəmsal transformasiyanın inkişafı istiqamətində birgə səylərlə inklüziv və davamlı rəqəmsal iqtisadiyyatın dəstəklənməsi sahəsində əməkdaşlığı ehtiva edir.
Tərəflər ölkələr üzrə rəqəmsal məlumatların və şəxsiyyət vəsiqələrinin qarşılıqlı mübadiləsi prosesini asanlaşdırmaq üçün üzv dövlətlər, hökumətlərin müvafiq tənzimləyici strukturları ilə qanunlarda nəzərdə tutulmuş qaydada insan resurslarının rəqəmsallaşdırılması, rəqəmsal və İKT bacarıqları üzrə boşluqların aradan qaldırılması və uyğunlaşdırılması sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Memorandum, həmçinin ucqar kənd yerlərində yüksək keyfiyyətli internet bağlantısını təşviq edilməsini, dövlət və özəl sektorlardakı əsas maraqlı tərəflər, vətəndaş cəmiyyətləri və biznes icmaları arasında böyük texnoloji məlumatların tam gücündən istifadə imkanları haqqında məlumatlılığın artırılmasını nəzərdə tutur.