III RESPUBLİKA FİLATELİYA SƏRGİSİ AÇILMIŞDIR
Rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov, nazirliyin “Azərmarka” şirkətinin prezidenti İ.Bağırlı, Filatelistlər İttifaqının sədri, ölkəmizin Gürcüstandakı səfiri N.Əliyev və başqaları mərasimdə çıxış edərək demişlər ki, III Respublika filateliya sərgisinin açılışı respublikamızda mədəni ənənələrin davam etdirildiyini bir daha təsdiqləyir. Xalqımızın ümummilli lideri Heydər Əliyev dəfələrlə bildirmişdir ki, filateliya ilə maraqlanmaq, ilk növbədə, dövlətçiliyimizin və xalqımızın tarixi ilə maraqlanmaq deməkdir. Onlar kolleksiyaçıları sərginin açılışı münasibətilə səmimi təbrik edərək ümidvar olduqlarını bildirmişlər ki, sərgiyə gələnlərin filateliyaya marağı daha da artacaqdır.
III Respublika filateliya sərgisində 11 marka, poçt zərfi və açıqca numizmatika, bonistika və Azərbaycan dövlətçiliyinin müxtəlif dövrlərinə aid stolüstü medallar kolleksiyası nümayiş etdirilir. Kolleksiyalardan biri ulu öndər Heydər Əliyevə həsr olunmuşdur və onun dövlət xadimi kimi fəaliyyətinin bütün dövrlərini əhatə edir. Yeri gəlmişkən, bu kolleksiyada bir çox eksponatların yeganə nüsxəsi nümayiş olunur. Qədim Bakının mənzərələri təsvir olunmuş XX əsrin əvvəllərinə aid nadir poçt açıqcalarından ibarət kolleksiya da böyük maraq doğurmuşdur.
Sərginin təşkilat komitəsi kolleksiyalara qiymət verərək, qalibləri elan etmişdir. Ən gənc iştirakçı, 23 nömrəli məktəbin 6-cı sinif şagirdi Səriyyə Rzayeva, kolleksiyaçılar Rüfət Qurşumov, Fəxrəddin Həbibov, Azər Əliyev və Gündüz Rəhimov sərginin diplom, mükafat və hədiyyələrinə layiq görülmüşlər: Əsas mükafatı isə əvvəlki sərgilərin dəfələrlə qalibi, Azərbaycan Filatelistlər İttifaqı Rəyasət heyətinin üzvü, fəxri filatelist Nazim Axundov “Heydər Əliyev. Ölkənin tarixi. Bioqrafiya” kolleksiyasına görə almışdır.
Sərgi iki gün davam edəcəkdir.