İki ayda paytaxtın pərakəndə ticarət dövriyyəsi 3 milyard manata çatıb
Bakı, 3 aprel, AZƏRTAC
Yanvar-fevral aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 2 milyard 984,6 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,2 faiz üstələyərək 2 milyard 981,9 milyon manat təşkil edib. Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına ötən ilin eyni aylarının göstəricisi ilə müqayisədə orta hesabla ayda 21,7 manat çox vəsait xərcləyib.
Bu müddətdə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1 milyard 371,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz artaraq 1 milyard 612,9 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi keçən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 54 faiz təşkil edib.
Cari ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,6 faizi ərzaq məhsullarının, 7,4 faizi içkilər və tütün məmulatlarının, 11,9 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,5 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 7,3 faizi avtomobil yanacağının, 25,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.