İki yeni telefon çəkilişinin biri ödənişsiz sənədləşdiriləcək
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 20-dən dekabrın 20-dək “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumları xüsusi kampaniyaya başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu kampaniya müddətində texniki imkanlara uyğun olaraq güzəştli şərtlərlə telefon çəkilişləri təşkil ediləcək. Mənzilə eyni zamanda 2 yeni telefon çəkilişinin 1-i, təşkilata eyni zamanda 3 telefon çəkilişinin 1-i, həmçinin CDMA nömrələrinin çəkilişi ödənişsiz sənədləşdiriləcək.
Aşağı tutumlu İnternet xidmətləri abunəçiləri üçün xüsusi güzəştlər planlaşdırılıb və istifadə olunan tutumların 1 meqabayt saniyə (Mb/s) artırılması təmin ediləcək. Kampaniya müddətində müraciət edən istifadəçilər - müqaviləsi 1 Mb/s olanlar 2 Mb/s; 2 Mb/s olanlar 3 Mb/s tutum əldə edəcəklər.
“Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində aparılan bütün tədbirlər sahə üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Analoji güzəştli kampaniyanın keçirilməsi nazirlik tərəfində özəl xidmət operator və provayderlərinə də tövsiyə olunub.
Kampaniya çərçivəsində göstəriləcək xidmətlər barəsində ətraflı məlumatlar və təkliflərin, müraciətlərin qəbulu ünvanları aidiyyəti xidmət göstərən müəssisələrin internet informasiya ehtiyatlarından əldə edilə bilər.