İQTİSADİYYAT
İKT sahəsində fəaliyyət göstərən qadınların ilk peşəkar klubu yaradılıb
Bakı, 3 dekabr, AZƏRTAC
“Bakutel-2014” sərgisi çərçivəsində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan qadınlardan ibarət ilk peşəkar qurum - Azərbaycan Qadınlarının İKT Klubu (AQİK/“FEMMES DIGITALES”) yaradılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Bakı Expo Mərkəzində klubun rəsmi açılış mərasimi keçirilib.
Dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə qadınların İKT-nin inkişafında rolunun ildən-ilə artığı qeyd olunub. Bildirilib ki, AQİK-nın yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə çalışan fəal qadınları bir araya gətirməkdir. Klubun üzvlərinə təlim kursları keçiriləcək, karyera qurmaq imkanları yaradılacaq.
Klubun təsisçiləri “B.est Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, RYTN, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və digər təşkilatlarda çalışan qadınlardır.