İlahiyyat İnstitutunun tələbələri şəhid ailəsinə baş çəkiblər
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Fəxrəddin Qurbanlının ailəsinə baş çəkib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələr daha sonra Fəxrəddin Qurbanlının məzarını ziyarət edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhid Fəxrəddin Qurbanlı 1994-cü il yanvarın 13-də Bakıda anadan olub. Orta təhsilini 2011-ci ildə başa vurub və Azərbaycan Universitetinin sosial iş fakültəsinə daxil olub. O, 2016-cı il aprelin əvvəllərində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub.
Fəxrəddin Qurbanlı ölümündən sonra göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.
Qeyd edək ki, Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il Aprel döyüşləri Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha göstərdi.
Xatırladaq ki, Aİİ gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərin təbliği, şəhidlərimizin əziz xatirəsinin uca tutulması istiqamətində ardıcıl tədbirlər, görüşlər, dəyirmi masalar təşkil edir.