“İLİADA” VƏ “ODİSSEYA”NI QADIN YAZIB
Herodot və ya yunanıstanlı şair Pindar kimi müəlliflərin Homerə ən erkən istinadlarından göründüyü kimi, əfsanəvi şair eramızdan əvvəl təxminən 800-cü illərdə yaşamışdır. Lakin Delbi poemalardakı coğrafi təfərrüata əsaslanaraq güman edir ki, “İliada” eramızdan əvvəl 650-ci ildə, “Odisseya” isə eramızdan əvvəl 630-cu ildə, yəni Homerin fərz olunan həyatından xeyli sonra yazılmışdır.
Poemalardan başqa, onların müəllifinin şəxsiyyətinin sirrini açmaq üçün heç bir vasitə yoxdur. Lakin britaniyalı tarixçi iddia edir ki, bu əsərlərin müəllifi qadın olmuşdur. O yazır ki, bir çox mədəniyyətlərdə şifahi əfsanələrin daşıyıcıları qadınlar olmuşlar və qadınlardır. Hətta adı məlum olan ilk şair də qadın idi. Bu, eramızdan əvvəl təqribən 2285-2250-ci illərdə yaşamış Enheduanna adlı şumer şairə olmuşdur.
Delbinin fikrincə, hər iki əsəri eyni adam yazmışdır, lakin “Odisseya”dakı daha təsirli qadın personajlar, xüsusilə Penelopa, müəllifin həyatındakı dəyişiklikləri əks etdirir. Delbi yazır: “İkinci şah əsərini yazmağa başlayan zaman şairə anlamışdır ki, daha böyük auditoriyaya, o cümlədən qadınlara müraciət edə bilər”. Buna görə də, guya, “Odisseya”da zorakılıq “İliada”dakından daha azdır və məişət, ev səhnələri daha çoxdur.