“İLİN BEŞİNCİ FƏSLİ” HAQQINDA YENİ KİTAB
AZƏRTAC xəbər verir ki, Bakı Yəhudi Evində bu yaxınlarda çapdan çıxmış “Mən sizi sevirdim...” poetik məcmuəsinin (“Mütərcim” nəşriyyat-poliqrafiya mərkəzi, 2008) təqdimat mərasimi keçirilmişdir.
Bakılı qadın şairlərin lirik əsərlərindən ibarət olan bu məcmuənin tərtibatçısı və ön sözün müəllifi şair Alina Talıbovadır.
Kitaba 10 müəllifin - Nailə Bənnayeva, Sevinc Heydərova, Yelena Andreyeva, Tamara Vereskunova, Marianna Morduxayeva, Alina Talıbova, Yelizaveta Qasımova, İrina Zeynallı, Marina Astafyeva və Alla Ağayevanın şeirləri daxil edilmişdir.
Təqdimat mərasimini bu nəşrin çapı ilə bağlı bütün zəhməti öz üzərinə götürmüş A.Talıbova açmışdır. Qadın məhəbbətini “ilin beşinci fəsli” adlandıran natiq demişdir ki, məcmuəyə daxil edilmiş əsərlər daim böyük sevgi intizarında olan qadın qəlbinin çırpıntılarını əks etdirir.
A.Talıbova bu kitab tərtib edilərkən onun potensial oxucularının yaşının da nəzərə alındığını qeyd etməklə bərabər, əmin olduğunu bildirmişdir ki, məcmuə həm gənclərin, həm də yaşlı nəslin nümayəndələrinin qəlbini riqqətə gətirəcəkdir.
Təqdimat mərasimində artistlər və şairlər çıxış etmiş, musiqili pantomim ifa edilmişdir. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru Mənsur Vəkilov bu kitabın işıq üzü görməsi münasibətilə müəllifləri təbrik etmiş, bir neçə şeir oxumuş, Müəllif Mahnısı Klubunun sənətçiləri isə romanslar ifa etmişlər.