İLK MİLYARDER İDMANÇI
Bakı, 12 oktyabr (AZƏRTAC). Milyarderlər klubu üzvlərinin sayı artmışdır. İlk dəfə idmançı öz istedadı ilə milyard dollar qazanmışdır. Bu, dünyanın ən yaxşı qolf ustası amerikalı Tayger Vudsdır. “Forbes” jurnalının verdiyi məlumata görə, bu məbləği qazanmaq üçün Amerika idmançısına 13 il kifayət etmişdir.
Son onilliklərdə dünyanın məşhur idmançılarının qazanclarını ən uğurlu biznesmenlərin gəlirləri ilə müqayisə etmək olar. Lakin indiyədək Tayger Vuds kimi idmançının belə maliyyə yüksəkliyini fəth etməsinə rast gəlinməmişdi. Hər halda, yüksək vəsait ödənişli qolf, futbol, basketbol, avtomobil yürüşü, xokkey kimi idman növlərini neft və yaxud inşaat biznesi ilə müqayisə etmək çox çətindir. Qəribədir ki, idman milyarderləri klubu məhz dünya iqtisadiyyatının böhranın təsiri altında olduğu müddətdə açılmışdır.
Tayger Vuds ilk dollarlarını 1996-cı ildə, müxtəlif peşəkar turnirlərdə qazanmışdır. O, ümumilikdə Peşəkar Qolf Assosiasiyasının (PQA) bayrağı altında keçirilmiş 70 iri turnirin qalibidir. Tayger Vuds onu milyarder edən “Mejor” Bonus kateqoriyalı 14 turnirdə iştirak etmişdir. Maraqlıdır ki, Tayğer Vuds idman aləmində bütün dövrlərin ən uğurlu qolf oyunçusu hesab edilmir. Karyerası dövründə rəsmi yarışlarda qazandığı qələbələrin ümumi sayına görə o, qolf tarixində yalnız üçüncü yeri tutur.
Tayger Vuds təkcə qolf oyunundan qazanmır. O, Nike, Vuisk və Gillette reklamlarında iştirak etmiş, ABŞ-da və Birləşmiş Ərəb Əmirliyində qolf üçün meydançaların tikintisi layihələrini, habelə Meksikada qolf-kurort layihəsini işləyib hazırlamışdır. “Tayger Vuds PQA Tur Qolf - 08” kompyuter oyunu ona kommersiya cəhətdən daha böyük uğur gətirmişdir. Bir dəfə isə Amerika idmançısı ilə qolf oynamaq hüququ “eBay” internet-hərracında 425 min dollara satılmışdır.
Hazırda maliyyə göstəricilərinə görə, Vudsa basketbolçu Maykl Cordan və avtomobil yarışlarının iştirakçısı Mixael Şumaxer daha yaxındırlar. Maykl Cordanın hesabında 800 milyon, Mixael Şumaxerin isə 700 milyon dollar vardır. Bu veteranlar idmanda fəaliyyətlərini başa vursalar da, superulduz statusuna malik olduqlarına görə, pul qazanmaqda davam edirlər. Belə ki, onların da yaxın illərdə milyarder olacaqları istisna olunmur.