İmişli sakinləri "Talassemiyasız həyat naminə" adlı qanvermə aksiyasında iştirak ediblər
İmişli, 16 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək vermək üçün, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın insanları könüllü qanvermə aksiyalarına qoşulmaq çağırışına cavab olaraq, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək, xüsusilə qan ehtiyatını artırmaq məqsədilə İmişli Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, "Talassemiyasız həyat naminə" adlı qanvermə aksiyasında İmişli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, onlardan qan analizi alınıb. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan vətəndaşlar donorluq ediblər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin isə vətəndaşlıq borcu olduğunu qeyd ediblər.