İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili- Bəhrəmtəpə-Qaragüvəndikili yolu yenidən qurulur VİDEO
Bakı, 22 may, AZƏRTAC
İmişlidə 7 yaşayış məntəqəsini birləşdirən İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili yolu Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 14 kilometr olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edəcək.
Layihə çərçivəsində yolboyu 26 min kubmetr həcmdə deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə 36 min kubmetr həcmdə yararlı qrunt tökülərək yeni yol yatağı inşa olunub. Hazırda 120 min kvadratmetr ərazini əhatə edən yeni yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yol əsası hazır olan hissələrdə isə artıq asfaltlanma işlərinə başlanılıb.
Layihə çərçivəsində yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları dağılmış olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranıb.
Məhz bu məqsədlə yolboyu 300, 500 və 1000 millimetr diametrli 314 poqonmetr uzunluğunda yeni dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, həmçinin 52 kvadratmetr körpü məhəccəri sıradan çıxdığı üçün yeniləri ilə əvəz olunur.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 110 ədəd yol nişanı, 14 ədəd kilometr göstəricisi, 560 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 5 avtobus dayanacağı inşa ediləcək.
Bütün işlərin cari ilin iyul-avqust aylarında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişindaşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.