İmişlidə kikboksinq üzrə rayon birinciliyi keçirilib







İmişli, 14 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda kikboksinq üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Aprel şəhidləri"nin xatirəsinə həsr olunan kikboksinq yarışı İmişli Olimpiya İdman Kompleksində keçirilib. Kadetlər, yeniyetmə və gənclər arasında keçirilən turnir Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru və "İmişli Kikboksinq" klubunun birgə təşkilatçılığı ilə gerçəkləşib. AçıIış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Daha sonra yarışlara start verilib. 10 rayon və şəhərdən 167 idmançının qoşulduğu turnir 37 çəki dərəcəsi üzrə keçirilib.
Komanda hesabında medal sayı üzrə İmişli idmançıları 1-ci, Göyçay kikboksçuları 2-ci, kürdəmirlilər isə 3-cü yerə nail olublar. Turnirdə hər çəki və yaş dərəcəsində 1-ci, 2-ci və 3-cü yeri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.