İQTİSADİYYAT
İndiyədək 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub

Bakı, 10 dekabr, AZƏRTAC
2021-ci ildə 150-yə yaxın gənc, indiyədək isə 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən “Gənc sahibkarların II forumu”nda deyib.
KOBİA sədri qeyd edib ki, könüllülük fəaliyyəti müddətində gənclər müvafiq bilik və təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. “KOB könüllüsü” olmuş bir sıra gənclər artıq müxtəlif dövlət və özəl müəssisələrdə, o cümlədən KOBİA-da əmək fəaliyyətinə başlayıblar. 2021-ci ildə 2 könüllü gənc, ümumilikdə isə 11 könüllü gənc agentlikdə işlə təmin olunub. Bu gün ölkədə fəaliyyət göstərən müxtəlif könüllü hərəkatları arasında KOBİA-nın “Kiçik və Orta Biznes Könüllüləri” xüsusilə seçilir. Agentlik yarandığı gündən etibarən könüllülərlə sıx əməkdaşlıq edir və bu sahədə yaranmış müsbət təcrübəni inkişaf etdirir. Proqramın məqsədi gənclərin dünyagörüşlərinin genişləndirilməsi, ixtisas biliklərinin artırılması, onlara peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanmasıdır. Könüllülük fəaliyyətində iştirak edən şəxslər müvafiq olaraq agentliyin struktur bölmələrində könüllü xidmətə cəlb olunur.