ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutu əməkdaşının məqaləsi beynəlxalq sertifikata layiq görülüb
Bakı, 21 noyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 2022-ci ildə çap olunan “Verilənlərin klasterləşməsi əsasında elektron dövlət buluduna olan paylanmış xidmətdən imtina hücumlarının aşkarlanması üsulu” adlı elmi məqaləsinə görə Niderland Krallığında fəaliyyət göstərən “Elsevier” nəşriyyatında dərc olunan “Array” jurnalının redaksiya heyəti tərəfindən nəşr sertifikatına layiq görülüb.
İnstitutdan AZƏRTAC -a bildirilib ki, məqalədə elektron dövlət buluduna olan paylanmış xidmətdən imtina hücumlarının effektiv klasterləşməsini həyata keçirən üsul təklif edilib. Qeyd olunub ki, üsul verilənlərin klasterləşdirilməsinin effektivliyini artırmaq üçün əlamətlərin optimal seçilməsindən istifadə edir. Aparılan eksperimentlər zamanı təklif edilən metodların klasterləşdirmə nəticələri mövcud metodların klasterləşdirmə nəticələrindən bütün metrikalar üzrə yüksək olub. İşdə təklif edilmiş sistem buludun həm daxili, həm də xarici infrastrukturunda quraşdırıla bilir. Bu isə hücumları buludun xarici şəbəkəsində, eyni zamanda, daxili fiziki şəbəkəsində və ya hipervizorlar arasında virtual şəbəkədə aşkarlamağa imkan verir.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.
Qeyd edək ki, “Array” jurnalı kompüter elmləri kateqoriyasında 231 jurnal arasında 3-cü mövqedə qərarlaşıb. “Scopus” elmi bazasında indeksləşən jurnalın “CiteScore” indeksi 25.2-dir.