İngilis dili fənni üzrə amerikalı mütəxəssis Dövlət İmtahan Mərkəzində təlim keçəcək
Bakı, 2 aprel, AZƏRTAC
İngilis dili fənni üzrə amerikalı mütəxəssis Neytn Kar Dövlət İmtahan Mərkəzində (DİM) təlim keçəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlim mərkəz tərəfindən ingilis dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində görülən işlərə kömək göstərmək məqsədilə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə səfirliyin “İngilis dili mütəxəssisi” (ELS) proqramı çərçivəsində təşkil olunur.
Layihənin birinci mərhələsi aprelin 1-dən başlanıb və 12-dək davam edəcək. Bu mərhələ əsasən DİM-in ingilis dili fənni üzrə qiymətləndirmə təcrübəsinin nəzərdən keçirilməsi, o cümlədən yerli müəllimlərin qiymətləndirilmə bacarıqları (yazı, oxu, dinləmə üzrə) ilə tanışlıq xarakteri daşıyır.
Səfər çərçivəsində Neytn Karın DİM tərəfindən aprelin 7-də keçiriləcək tam (11 illik) orta təhsil bazasında buraxılış imtahanı materiallarının hazırlanma prosesində iştirakı da nəzərdə tutulub. Bu, mütəxəssisə imtahan materiallarının hazırlanmasını yaxından izləməyə və yerli imtahan prosesini beynəlxalq təcrübə ilə müqayisə etməyə imkan yaradacaq.
Bundan əlavə, mütəxəssis ilə mərkəzin ekspertləri və müəllim heyəti arasında dilin qiymətləndirilməsində beynəlxalq təcrübə və “Dillər üzrə Ümumi Avropa Tövsiyə Çərçivə Sənədi” (CEFR) ilə DİM-in imtahanlarında istifadə olunan ingilis dili fənni üzrə test tapşırıqlarının qiymətləndirilməsinin uyğunlaşdırılması mövzularında intensiv təlimlər və konsultativ görüşlər planlaşdırılır.
Qeyd edək ki, “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” layihəsinin növbəti iki mərhələsinin 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar aylarında həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən ELS proqramı təhsil müəssisələrinin fəaliyyətində uğura nail olmaq üçün müəllimlərin peşəkar inkişafı təlimləri, tədris proqramlarının işlənməsi, digər tədris materiallarının hazırlanması ilə bağlı 2 həftədən 3 ayadək olan müddətdə təşkil edilən müxtəlif mövzulu layihələri dəstəkləyir.
Proqram haqqında daha ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://az.usembassy.gov/education-culture/english-language-programs/