İngiltərə Premyer Liqası: “Liverpul” mövsümü böyük hesablı qələbə ilə başlayıb
Bakı, 10 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 9-da İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsmünə start verilib.
AZƏRTAC xəbər verir ki, mövsümün açılış görüşü “Anfild” stadionunda oynanılıb. Ötən mövsümün vitse-çempionu “Liverpul” doğma azarkeşlər önündə “Norviç” komandasını qəbul edib.
Görüş Mersessayd təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.
“Liverpul” klubunun heyətində Qrant Hanley (avtoqol-7), Məhəmməd Salah (19), Virjil van Deyk (28) və Divok Oriqi (42) fərqləniblər. Qonaqların heyətində təsəlli qoluna 64-cü dəqiqədə Tim Pukki imza atıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının qalan oyunları avqustun 10-11-də keçiriləcək.