CƏMİYYƏT
İnsan hüquqları üzrə müvəkkilin və monitorinq qrupunun səlahiyyətləri artırılır

Bakı, 9 iyun, AZƏRTAC
Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman İnsan hüquqları üzrə müvəkkilin və monitorinq qrupunun səlahiyyətləri artırılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyunun 9-da keçirilən iclasının gündəliyində ikinci səsvermədə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərdə öz əksini tapıb.
Qanuna əsasən, müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:
- dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;
- dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;
- həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;
- dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;
- vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.
Bu Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.