MƏDƏNİYYƏT
İNSANLAR... HADİSƏLƏR.... ZAMAN....”
Tanınmış Azərbaycan jurnalisti Elmira Əliyevanın “Azərbaycan” nəşriyyatında bu günlərdə çapdan çıxan kitabı belə adlanır. Müəllifin oxuculara müraciətində yazdığı kimi, kitabın belə adlanması təsadüfi deyil, çünki jurnalistika sahəsində yarım əsrə yaxındır qələm çalan Elmira xanımın məqalələrinin başlıca mövzusu həmişə “insan, onun xoş məramlı və amallı işləri, dərd-səri və qayğıları, iştirak etdiyi hadisələr, yaşayıb-yaratdığı zaman” olmuşdur.
“Tarixin açılmamış səhifələri: Onlar öz təmiz adlarına yenidən nail oldular”, “Getsələr də, izləri qaldı”, “Onları amala inam ruhlandırırdı”, “Vətən naminə”, “Müasirlərim”, “İlk tamaşadan sonra”, “Bizimkilər xaricdə”, “Bu, maraqlıdır” - ötən günlərdən və çağdaş dövrümüzdən canlı söhbət açılan bu kitab həmin bölmələrdən ibarətdir. Müəllif topluya uzun illər ərzində Azərbaycan üzrə müxbiri olduğu “İzvestiya” qəzetində, respublika mətbuatında dərc olunmuş yazılarının, təbii ki, ancaq kiçik bir hissəsini daxil edə bilmişdir.
Stalin repressiyaları dövründə olmazın müsibətlərə məruz qalmış mədəniyyət, elm xadimlərinin puç olmuş taleləri, maraqlı insanlarla görüşlər, teatr və kino əsərlərinin ilk tamaşaları, Azərbaycan övladlarının Böyük Vətən müharibəsi cəbhələrindəki qəhrəmanlığı, erməni cəlladları və terrorçularının törətdikləri azğınlıqlar, nəhayət, xaricdəki soydaşlarımızın və həmvətənlərimizin həyatı - həssas insanın biganə qala bilmədiyi bütün bunlar, eləcə də bir çox digər məsələlər Elmira Əliyevanın istedadlı qələmi sayəsində bitkin formasını və portret təcəssümünü tapır.
Əminik ki, E.Əliyevanın məqalələr toplusu nəinki kütləvi oxucunu və jurnalist həmkarlarını maraqlandıracaq, həm də müasir jurnalistikaya dair vəsait kimi istifadə ediləcəkdir.