İQTİSADİYYAT
“İnvestor” stimullaşdırıcı lotereyasının ikinci tirajı keçiriləcək
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 13-də “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə, “Bakı Fond Birjası” QSC-nin (BFB) və birjanın üzvü olan investisiya şirkətlərinin iştirakı ilə “İnvestor” stimullaşdırıcı lotereyasının ikinci tirajı keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, ikinci tirajda mayın 10-dan etibarən Bakı Fond Birjasının üzvü olan, İnvestisiya Şirkətləri vasitəsilə korporativ istiqraz alan investorlar “İnvestor” stimullaşdırıcı lotereyasında iştirak hüququ qazanır və 1000 manat qazanmaq şansı əldə edir. Lotereyada iştirak etmək istəyən şəxslər investisiya şirkətinə müraciətini tamamlayıb və minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/avro valyutalarında istiqraz alışını sifariş verən və Bakı Fond Birjası QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak etmək hüququnu qazanır.
Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası martın 9-u və noyabrın 15-i aralıqlarında 4 tirajda keçiriləcək. İlk tiraj mayın 10-da baş tutub. Hər tirajda 3 qalib müəyyən ediləcək və hər qalib 1000 AZN məbləğində mükafata sahib olacaq.