İnzibati rəhbər vəzifələr üzrə test imtahanından uğur qazanmış şəxslərin qeydiyyatına başlanılıb
Bakı, 29 may, AZƏRTAC
İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə mayın 26-da keçirilən test imtahanından müvəffəqiyyətlə keçən şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün mayın 29-dan 31-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin məlumatlarının düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının surəti (olduğu halda) i formaya əlavə edilir.
Məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.