İORDANİYANIN KRALI II ABDULLANIN BƏYANATI
İki gün ərzində bizə göstərdiyiniz xoş qonaqpərvərliyə görə öz adımdan və nümayəndə heyətimin adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycana yenidən gəlməyimdən və qardaşımla bir daha görüşməyimdən böyük şərəf hissi duyuram.
Zati-alilərinizin qeyd etdiyi kimi, iki ölkə arasındakı siyasi münasibətlər olduqca güclüdür. Biz həm mənim ölkəm, həm Sizin ölkəniz üçün mühüm olan bir çox regional məsələləri müzakirə etdik. Həmin məsələlər ətrafında mövqelərimizin üst-üstə düşməsindən çox məmnun qaldım. Biz həmin mürəkkəb məsələlər qarşısındayıq, lakin hesab edirəm ki, ölkələrimiz əl-ələ verib, bütün regiona aid olan məsələləri aradan qaldırmaq iqtidarında olacaqdır.
Bununla belə, şəxsən hesab edirəm ki, İordaniya və Azərbaycan xalqları arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi üçün çox böyük imkanlar var. Azərbaycan Prezidenti ilə şəxsi dostluq münasibətlərini iki xalq arasındakı dostluq münasibətlərinə çevirmək üçün yaxşı fürsət yaranıbdır.
Siz qeyd etdiniz ki, ticari sahədə əməkdaşlıq üçün imkanlar mövcuddur. Biz bunu ciddi qəbul edirik və çalışacağıq ki, bu istiqamətdəki işlərimizi artıraq. Ona görə də, mən bu uğurlu səfərdən mümkün qədər qısa müddət ərzində real nəticələrin əldə edilməsi üçün xalqınız, hökumətiniz və səfirliyiniz ilə sıx işləyəcəyəm.
Eyni zamanda, bu fürsətdən istifadə edərək, ölkənizin inkişafı üçün gələcəkdə nəzərdə tutduğunuz planların həyata keçirilməsində Sizə uğurlar arzulamaq istəyirəm. Gələcəyinə inamla baxan digər qardaş müsəlman xalqların bütün sahələrdə nailiyyətlərini görmək İordaniyanın müsəlman xalqı üçün olduqca şərəflidir. İnşallah, biz gələcəkdə birgə işləyəcəyik. Əminik ki, Siz də ölkəmizə səfər edəcəksiniz və öz növbəmizdə, biz də Sizə bu cür səmimi qonaqpərvərliyimizi nümayiş etdirəcəyik.
İnşallah, ölkələrimiz arasındakı münasibətlər bir çox digər ölkələr üçün nümunə olacaqdır.