İpoteka və Kredit Zəmanət Fondunun saytında “Rəy və təkliflər” bölməsi yaradılıb
Bakı, 15 aprel, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizminin yaradılması ilə bağlı hazırlıq işlərinin başladığı vaxtdan bu günədək mexanizm üzrə vətəndaşların tələb və istəklərinin öyrənilməsi üçün müntəzəm sorğular təşkil edir.
İKZF-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar fond tərəfindən vətəndaşların kirayə mexanizminə dair rəy və təkliflərinin əldə olunması prosesinin sürətləndirilməsi və daha da sadələşdirilməsi məqsədilə rəsmi internet səhifəsində (www.mcgf.gov.az) “Rəy və təkliflər” bölməsi yaradılıb. Qeyd olunan bölmə “Sorğu anketi” və “Kirayəçi məmnunluğu” alt bölmələrindən ibarətdir.
“Sorğu anketi”ndən istifadə edərək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil sahibi olmaq istəyən vətəndaşlar yaşayış sahələrinə dair tələblərini (ərazi, otaq sayı, mənzilin sahəsi və sair), kirayəçilər isə əldə etdikləri mənzillərlə bağlı rəy və təkliflərini qeyd edə biləcəklər.
Kirayəçilərdən fonda yazılı şəkildə və ya rəsmi elektron poçt ünvanı ([email protected]) vasitəsilə daxil olan məktublar isə “Kirayəçi məmnunluğu” bölməsində yerləşdirilir.
Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən, “1549” Çağrı mərkəzinə zəng etməklə və ya 2 saylı Bakı “ASAN Kommunal” və ya Sumqayıt “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq, həmçinin “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdirilmiş təlimatla tanış olaraq əldə etmək mümkündür.