İqlim dəyişiklikləri insan psixikasına təsir göstərir
Bakı, 10 may (AZƏRTAC). Yer kürəsində yeni iqlim dövrü başlanmışdır.
Meteoroloqlar uzun mübahisə və təhlillərdən sonra, nəhayət, bunu etiraf etmişlər. Onlardan heç kəs yaxın gələcəkdə planetdə iqlimin necə olacağını proqnozlaşdıra bilmir. Ona görə də qədim insanların irəlicədən xəbər verdiklərini nəzərə almağa dəyər, çünki onların dediklərinin əksəriyyəti çin olmuşdur.
O ki qaldı yaxın iki ilə, 2011-2012-ci illər kvant təkamül sıçrayışında dönüş nöqtəsi olacaqdır. Onun başlanğıcı 2011-ci ilin noyabrına, sonu isə 2013-cü ilin birinci yarısına düşür.
Yer öz vibrasiyasını fəal surətdə dəyişir. Bu səbəbdən insanlar daha çox qıcıqlanır, xəstəlikləri kəskinləşir. Təbiət dəyişiklikləri psixikaya xüsusi təsir edir və bu da bütün dünyada kütləvi çıxışların artmasına gətirib çıxarır.
Yaxın vaxtlarda, demək olar, bütün Yer üzündə yeni zəlzələlər silsiləsi gözlənilir. Hətta Aralıq dənizində sunami istisna olunmur.
Mayın əvvəlində təbiət aydın göstərdi ki, o, əvvəlki kimi deyildir.
Polşada qar yağdı, ABŞ-da bir sıra dağıdıcı fırtınalar oldu, İtaliyada anomal istilər, Sibirdə görünməmiş hərarət, Moskvada termometr sütunu, sözün həqiqi mənasında, sıçrayır və sinoptikləri çaşdırır.
Dikson adasında orta sutkalıq temperatur normanı 16 dərəcə üstələyir.
Aprelin 25-dən 28-dək ABŞ-da 362 tornado baş vermişdir. Onlardan 312-si təkcə bir sutkanın payına düşür.
Yağışlar Tailandda, həmişə olduğu kimi, iyunda yox, apreldə başlamışdır.
Böyük Britaniyada ilin bu fəsli üçün quru və isti olan hava meşə yanğınlarına səbəb olmuşdur.
Ötən qış Arktikada əvvəlkindən 5 dərəcə isti keçmişdir.
Poan.ru. saytının yazdığına görə, Şimal yarımkürəsində iqlim dəyişikliyinin səbəbi Qolfstrimin yerini 8 mil dəyişməsidir.