İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir
Kişineu, 16 oktyabr, AZƏRTAC
Moldovada fəal azərbaycanlı icması var və bu, bizi sevindirir. Azərbaycan icması Moldovanın ictimai-siyasi həyatında fəaldır və ölkənin rifahına öz töhfəsini verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov və bir qrup diaspor fəalı ilə görüşündə Moldova parlamentinin sədri İqor Qrosu söyləyib.
O bildirib ki, Moldovada Azərbaycan icması iki ölkə arasında münasibətlərin vacib elementlərindən biridir.
MAK sədri Elçin Bayramov öz növbəsində deyib ki, Azərbaycan icması Moldova dövlətinin diqqətini həmişə hiss edib. MAK sədri vurğulayıb ki, Azərbaycan icması bundan sonra da fəaliyyəti ilə sabit dövlətin inkişafına öz töhfəsini verəcək, ölkələrimiz arasında əməkdaşlığın inkişafında körpü rolunu davam etdirəcək.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu