RƏSMİ XRONİKA
İQTİSADİ İNKİŞAF NAZİRİ HEYDƏR BABAYEVİN ÇIXIŞI
Hörmətli görüş iştirakçıları!
Cənab Prezident, dəvətimizi qəbul edib tədbirdə iştirak etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin regionların inkişafına diqqətinizin nəticəsi kimi bölgələrə səfərləriniz zamanı ictimaiyyətlə görüşləriniz, tövsiyələriniz hər bir rayonda ictimai fəallığın artmasına səbəb olmuşdur. Sizin iqtisadi siyasətiniz nəticəsində sahibkarlığa dövlət dəstəyi xeyli genişlənmişdir.
Cənab Prezident, Sizin tapşırığınıza əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlar subyektlərinə ayrılan kreditlər regionlara ən mühüm dövlət dəstəyinə çevrilmişdir. Fondun fəaliyyəti xeyli genişlənmiş, güzəştli kreditlərin verilməsi sadələşdirilmiş, kreditlərin həcmi artırılmışdır. Bu günə qədər Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlığın inkişafına 425 layihə üzrə 5,6 milyon manat güzəştli kreditlər verilmişdir. Bunun nəticəsində 5500-dən artıq yeni iş yeri yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf konsepsiyası hazırda Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir və gələcəkdə Azərbaycanın inkişaf etmiş qüdrətli ölkəyə çevrilməsinə təkan verəcəkdir.
Cənab Prezident, bu gün bizim üçün və burada iştirak edən sahibkarlar üçün çox mühüm bir gündür. Bu gün burada Fondun qərarı ilə 11 sahibkara güzəştli kredit veriləcəkdir. Hamımız xahiş edirik ki, bu kreditlərin verilməsində özünüz də iştirak edəsiniz.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə giriş nitqi söylədi.