İQTİSADİ İNKİŞAF NAZİRLİYİ İLƏ LUİZİANA UNİVERSİTETİ ARASINDA MEMORANDUM İMZALANMIŞDIR
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirmişdir ki, ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyi vacib məsələlərdən biridir və inkişaf edən dövlətlər öz bazarlarına daxil olan ərzaq mallarının keyfiyyətinə nəzarət edir.
Nazir müavini qeyd etmişdir ki, Azərbaycanda da yerli istehlakçıların maarifləndirilməsi, istehsalda keyfiyyət sisteminin, bu sahədə beynəlxalq təşkilatların təcrübəsinin tətbiqi üzrə iş görülür. Ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.
Luiziana Universiteti Aqromərkəzinin Beynəlxalq proqramlar departamentinin direktoru Lakşman Velupillay bildirmişdir ki, bu sənədin imzalanması əhəmiyyətli məsələdir. Məqsədimiz Mərkəzi Amerika, Cənubi Afrika, Avrasiya və MDB regionlarında yeyinti sənayesini yüksək səviyyədə inkişaf etdirmək, təhlükəsiz yeyinti məhsulları və biotəhlükəsizlik haqqında maarifləndirmə tədbirlərini həyata keçirməkdir. Bu tədbirlər sayəsində ölkənin ixrac potensialı artacaq və istehlakçılar təhlükəsiz yeyinti məhsulları ilə təmin ediləcəklər.
Sənədi Azərbaycan tərəfdən İqtisadi İnkişaf Nazirliyinin istehlak mallarının ekspertizası mərkəzinin direktoru Xaliq Məmmədov və Luiziana Universiteti Aqromərkəzinin Beynəlxalq proqramlar departamentinin direktoru Lakşman Velupillay imzalamışlar.
Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşları ABŞ və Ukraynanın müvafiq universitetlərində yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə təhsil ala biləcəklər.