İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ GÖRÜŞ
Heydər Babayev ölkəmizdə uğurla davam etdirilən iqtisadi islahatlar, əldə olunmuş nəticələr barədə məlumat verdi. Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə Polşaya rəsmi səfərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında böyük rolunu vurğulayan nazir dedi ki, Prezident İlham Əliyevin 2005-ci ilin martında Polşaya rəsmi səfəri zamanı aparılmış danışıqlar, imzalanmış sənədlər ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaratmışdır. Bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Bununla belə, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrini genişləndirmək üçün böyük potensial vardır.
Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu xatırladan Heydər Babayev Bakıda Polşa milli sərgisinin açılmasının iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində səmərəli vasitə olduğunu vurğuladı.
Polşa Senatının sədri Boqdan Boruseviç ölkəsinin iqtisadi əlaqələrində Azərbaycana xüsusi önəm verildiyini bildirdi. Azərbaycanın regionda önəmli mövqeyə malik dövlət olduğunu vurğulayan polşalı qonaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsindən məmnunluğunu söylədi. O dedi ki, dünyada analoqu olmayan bu kəmərin region üçün böyük əhəmiyyəti vardır. Cənab Boqdan Boruseviç Azərbaycan-Polşa iqtisadi əlaqələrinin bundan sonra da inkişafına hər cür kömək göstəriləcəyini bildirdi.