İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ MÜVƏKKİL KREDİT TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Bakı, 13 oktyabr (AZƏRTAC). Azərbaycan Prezidentinin 2009-cu il 7 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları” təsdiq edilmişdir.
Oktyabrın 13-də İqtisadi İnkişaf Nazirliyində Mərkəzi Bankın, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə fondun fəaliyyətinin təkmilləşdirilməsində mühüm rol oynayacaq sənədlərlə bağlı tədbir keçirilmişdir.
Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyi strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadiyyatın bütün sahələrində ciddi nailiyyətlərin qazanıldığını vurğulamışdır. Qeyri-neft sektorunun inkişafı, özəl bölməyə dövlət dəstəyinin gücləndirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Ölkədə iqtisadiyyatın aparıcı sahələrindən olan sahibkarlığa diqqət və qayğı göstərilir. Təsadüfi deyildir ki, Azərbaycanda güclü sahibkarlar təbəqəsi formalaşmış, özəl bölmənin ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır.
Nazir müavini qeyd etmişdir ki, ölkədə özəl bölmənin inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi, güzəştli kreditlərin səmərəliliyinin artırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində kompleks sistemli tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2009-cu il 7 oktyabr tarixli Fərmanı özəl bölmənin inkişafını daha da sürətləndirəcək, sahibkarlıq fəaliyyətinin genişlənməsinə təkan verəcəkdir.
Sonra SKMF-nin icraçı direktoru Şirzad Abdullayev fondun yeni Əsasnaməsinin və vəsaitlərinin istifadəsi Qaydalarının üstünlükləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, fondun yeni Əsasnaməsi və vəsaitlərinin istifadəsi Qaydaları sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsində operativliyin təmin edilməsində, vəsaitlərinin yerləşdirilməsinin səmərəliliyinin artırılmasında, sahibkarların dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının genişləndirilməsində, xüsusilə də sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsində böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin təsdiq etdiyi yeni normativ-hüquqi sənədlər sahibkarların investisiya layihələrinin iqtisadiyyatın prioritet istiqamətlərinə uyğun maliyyələşdirilməsini, SKMF-nin fəaliyyətində və güzəştli kreditləşdirmədə şəffaflığın artırılmasını, iqtisadi cəhətdən daha səmərəli layihələrin müəyyənləşdirilməsini təmin edəcəkdir. Qaydalara uyğun olaraq, fondun vəsaitlərinin verilməsi mexanizmi sadələşdirilmiş, güzəştli kreditlərin maksimal faiz dərəcəsi 6 faizədək, müraciətin təmin olunması müddəti 25 günədək azaldılmış, kreditlərin maksimal məbləği isə 5 milyon manata çatdırılmışdır. Bütün bunlar ölkədə, xüsusilə regionlarda sahibkarlığın inkişafını stimullaşdırmaqla, özəl bölmənin inkişafının daha da sürətləndirilməsində, yeni texnologiyaların tətbiqində, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artmasında əhəmiyyətli olacaqdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
######
