İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti “Bakı yataq zavodu” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası investisiya qoyuluşuna dair təkliflərin verilməsi idi.
Aprelin 16-da investisiya müsabiqəsinə yekun vurulmuş və Müsabiqə komissiyasının açıq səsvermə yolu ilə qəbul etdiyi qərara əsasən, “Maşservis” Məhdud Məsuliyyətli Cəmiyyəti “Bakı yataq zavodu” ASC səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə uyğun olaraq, “Maşservis” MMC alqı-satqı müqaviləsi imzalandığı tarixdən etibarən 30 iş günü müddətində 500 milyon manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəməli, 30.000 ədəd dövlət özəlləşdirmə çeki təqdim etməlidir. Təqdim olunmuş investisiya proqramında göstərilən işlərin həyata keçirilməsi üçün “Bakı yataq zavodu” ASC-nin hesablaşma hesabına 51 milyon manat məbləğində pul vəsaitini köçürməlidir.
“Maşservis” MMC alqı-satqı müqaviləsi ilə müəyyən ediləcək digər şərtləri və təqdim etdiyi investisiya proqramında nəzərdə tutulmuş 1,7 milyard manat məbləğində investisiyanın iki il ərzində 4 mərhələ üzrə qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir. İnvestisiyalar müəssisənin əsas korpusu binasının damının, dəmirçi pəstah korpusunun, qaynaq və mexaniki təmir sahələrinin, tökmə sexinin və yığma sahəsinin təmirinə sərf olunacaqdır.
Bundan əlavə, yeni avadanlığın alınması və əsas avadanlığın, o cümlədən sobaların təmiri də planlaşdırılmışdır.
İnvestisiya proqramında işçilərin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən məişət binalarının təmiri, su və buxar borularının müəyyən sahələrdə dəyişdirilməsi, avadanlığın yeniləşdirilməsi də nəzərdə tutulmuşdur.