İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət poqramı”na müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti “Stator” Elm-İstehsalat Birliyinin “Bakı xüsusi texnoloji avadanlıqlar zavodu”nun başa çatdırılmamış tikilisinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
Iddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası investisiya qoyuluşuna dair təkliflərin verilməsi idi.
Investisiya müsabiqəsinə yekun vurulmuş və müsabiqə komissiyasının açıq səsvermə yolu ilə qəbul etdiyi qərara əsasən, “MKT İstehsal Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti müsabiqənin qalibi elan edilmişdir.
“MKT İstehsal Kommersiya” MMC müsabiqənin şərtlərinə müvafiq olaraq, alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 iş günü müddətində dövlət büdcəsinə 1,8 milyard manat ödəməli, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi Departamentinə 30 min ədəd dövlət özəlləşdirmə çeki təqdim etməli, İnvestisiya proqramında nəzərdə tutulan ilkin işlərin həyata keçirilməsi üçün 300 milyon manat məbləğində pul vəsaitini “Bakı xüsusi texnoloji avadanlıqlar zavodu”nun başa çatdırılmamış tikilisinin hesablaşma hesabına köçürməlidir.
“MKT İstehsal Kommersiya” MMC alqı-satqı müqaviləsi ilə müəyyən ediləcək digər şərtləri və təqdim etdiyi investisiya proqramında nəzərdə tutulmuş 9,6 milyard manat məbləğində investisiyanın 18 ay ərzində üç mərhələ üzrə qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir.
Investisiyalar baş korpusun, mühəndis-laboratoriya, təcrübə və məişət korpuslarının, “Ulduz” yarımstansiyasının, obyektin sahədaxili və xarici elektrik, su və istilik xətlərinin, yanğınsöndürmə qurğusunun, kanalizasiya və təmizləmə qurğularının bərpası və yeniləşdirilməsi və s. işlərin görülməsinə sərf olunacaqdır.
Investisiya proqramının icrası başa çatdıqdan sonra obyektdə ən azı 150 iş yerinin açılması nəzərdə tutulmuşdur.
Müsabiqənin qalibi işçilərin məişət və sosial şəraitinin yaxşılaşdırılması, ekoloji problemlərin yaranmasının qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsini də planlaşdırır.