İqtisadi və nəqliyyat əlaqələrinin bərpası Cənubi Qafqazın Asiya-Avropa ticarətindəki rolunu gücləndirəcək
Pekin, 30 dekabr, AZƏRTAC
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Xarici İşlər Nazirləri Şurasının 36-cı iclası Vyetnam kütləvi informasiya vasitələrinin diqqətində olub.
AZƏRTAC xəbər verir ki, "Voice of Vietnam" holdinqinin xəbər agentliyi, "Thanh Hoa" televiziya və radio şirkəti daxil olmaqla bir sıra nüfuzlu KİV-lərdə sözügedən iclasla bağlı məqalələr dərc edilib, reportajlar yayımlanıb.
Məqalələrdə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun çıxışına istinadən Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrindəki binaların və infrastrukturun ermənilər tərəfindən tam olaraq dağıdıldığı, meşələrin yandırıldığı, ətraf mühitə bərpaolunmaz ziyanın vurulduğu haqqında məlumat verilir. Həmçinin bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən üçtərəfli Bəyanatın imzalanması 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoydu, məcburi köçkünlərin öz evlərinə qayıtması və bölgənin böyük iqtisadi potensialının reallaşdırılması üçün zəmin yaratdı.
Məqalədə nazir C.Bayramovun GUAM-ın üzv dövlətlərinin nümayəndələrinə Azərbaycan tərəfinin Ermənistan işğalından azad edilmiş ərazilərə sərmayələr yatırmaq niyyətində olduğu barədə məlumat verdiyi bildirilib. Qeyd edilib ki, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası bölgənin Asiya və Avropa arasında ticarətdəki rolunun gücləndirilməsinə imkan yaradacaq. C.Bayramov bu xüsusda GUAM ölkələrinin regionda sülh şəraitində yeni yaranan imkanlardan faydalana biləcəklərini vurğulayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri