İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul etmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəydə vətəndaşları qəbul etmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gədəbəy rayon Mədəniyyət Evində təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləmişdir. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapmış, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aid olduqları qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Vətəndaşlar nazirə əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və emal sahələrinin yaradılması, kəndlərin qazlaşdırılması, sosial və digər məsələlərlə bağlı müraciət etmişlər. Qəbula gəlmiş sahibkarlarla, həmçinin regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların təklifləri dinlənilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, iri taxılçılıq, heyvandarlıq, yemçilik, arıçılıq və balıqçılıq təsərrüfatlarının, istixanaların yaradılması, mineral su istehsalının genişləndirilməsi, meyvəçilik, turizm və başqa sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, onların operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
Ümumiyyətlə, Gədəbəydə keçirilmiş qəbulda 50-dən çox vətəndaş iştirak etmişdir.
Qeyd edək ki, bu, iqtisadiyyat və sənaye nazirinin sayca 14-cü qəbuludur. Qəbulla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılmışdır. Belə ki, kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmiş, nazirliyin saytında və facebook səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi vasitəsilə də vətəndaşların qəbula dair müraciətləri qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.