İRAN PARLAMENTİ DEPUTATLARININ BAKIYA SƏFƏRİ İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA MÜHÜM ADDIM OLACAQ
Yanvarın 16-da Milli Məclisin sədri Murtuz Ələsgərov İranın ölkəmizdəki səfiri Əhəd Qəzaini qəbul etmişdir. Görüşdə İran İslam Şurası Məclisinin sədri Mehdi Kərrubinin Azərbaycana martın 3-dən 6-dək davam edəcək səfəri ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Milli Məclisin sədri vurğuladı ki, İran parlamenti sədrinin səfəri ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində daha bir mühüm addım olacaqdır. O dedi ki, dövlət başçılarının sıx əlaqələri sayəsində Azərbaycan-İran əlaqələri keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin ötən ilin mayında İrana səfəri zamanı imzalanmış dostluq və əməkdaşlıq prinsipləri haqqında saziş ikitərəfli münasibətlərin perspektivlərini müəyyənləşdirmişdir. İran parlament nümayəndə heyətinin qarşıdakı səfəri zamanı ölkələrimizin qanunvericilik orqanlarının rəhbərləri Astara-Bakı magistralının tikintisi, Azərbaycanın Təbrizdə konsulluğunun açılması və parlamentlərimizin gələcək əməkdaşlığı məsələlərini müzakirə edəcəklər.
Murtuz Ələsgərov İslam Konfransı Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı xüsusi qeyd edəcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə İran rəhbərliyinə minnətdarlığını bildirdi. O dedi ki, indi bir çox dövlətlər Ermənistanı təcavüzkar ölkə kimi tanıyırlar. Almaniya kansleri Gerhard Şröder bu yaxınlarda Ermənistan prezidenti Robert Koçaryanla görüşündə açıq bəyan etmişdir ki, sərhədlərin pozulmazlığı haqqında Helsinki Konvensiyasının prinsipləri dəyişməzdir.
Səfir Əhəd Qəzai dedi ki, İran parlamenti sədrinin Azərbaycana ilk səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verəcəkdir. O bildirdi ki, səfər zamanı müxtəlif məsələlərlə yanaşı, ölkələrimizin qanunvericilik orqanları nümayəndələrinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı məsələsi də müzakirə olunacaqdır.