İRAN, RUSİYA VƏ AZƏRBAYCAN MEMORANDUM İMZALADILAR
Xüsusi müşavirədə imzalanmış sənəddə iştirakçı ölkələr beynəlxalq dəmir yol dəhlizinin tikintisinə hazır olduqlarını təsdiq etmişlər. Onlar bu proqram çərçivəsində layihəyə sərmayə ayrılmasını təmin etmək barədə razılığa gəlmiş və tikintini maliyyələşdirəcəklərinə təminat vermişlər. Müşavirədə hər ölkədən 2 milyon dollar məbləğində nizamnamə kapitalı olan fond yaratmaq qərara alınmışdır.
Magistral İranın üç şəhərini – Astara, Ənzəli və Rəşti Azərbaycanın və Rusiyanın dəmir yol şəbəkələri ilə birləşdirəcəkdir. Layihənin həyata keçirilməsi Asiya-Sakit okean regionu ölkələrindən əvvəllər dənizlə daşınan yüklərin ünvanına çatdırılması xərclərini azaltmağa imkan verəcəkdir. Yeni şəbəkənin buraxıcılıq gücünün yaxın illər ərzində 10-20 milyon tona çatacağı gözlənilir.
Proqram 4-5 ilə həyata keçiriləcəkdir. 600 milyon dollara başa gələcək magistralın uzunluğu 250 kilometr olacaqdır.
Bu ilin aprelində Tehranda Rusiya, Azərbaycan və İranın dəmir yolu rəhbərlərinin üçtərəfli görüşü olmuşdur. Görüşdə “Şimal-Cənub” layihəsi çərçivəsində nəqliyyat magistralının tikintisi üzrə üç dövlətin konsorsiumunu yaratmaq barədə prinsipial qərar qəbul edilmişdir.