SİYASƏT
İRANDA YAŞAYAN VƏTƏNDAŞLARIMIZ DA ÜMUMXALQ SƏSVERMƏSİNDƏ FƏALLIQ GÖSTƏRMİŞLƏR
Avqustun 24-də ölkəmizin İran İslam Respublikasındakı səfirliyində də Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı səsvermə uğurla başa çatmışdır.
Qeyd edək ki, bir gün əvvəl, yəni avqustun 23-də səfirlikdə səfir Abbasəli Həsənovun başçılığı ilə toplantı keçirilmiş və referenduma hazırlıqla bağlı bütün məsələlər müzakirə olunmuşdur.
Avqustun 24-də səhər saat 8.00-da başlanmış səsverməyə gəlmiş səfirliyin əməkdaşları, Azərbaycan Respublikasının İƏT-dəki nümayəndəliyinin üzvləri və onların ailə üzvləri qarşısında səfir Abbasəli Həsənov çıxış edərək, ölkəmizin demokratiyanın beşliyi olan Avropaya inteqrasiyası ilə əlaqədar qanunlarımızın daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd etmiş, Konstitusiyada ediləcək dəyişikliklərin respublikamızda demokratiyanın daha da inkişafını, insan hüquq və azadlıqlarının daha ciddi qorunmasını təmin edəcəyini əminliklə bildirmişdir. Bütün bunların Azərbaycan Respublikası Prezidentinin demokratik ənənələrə sadiq qaldığının göstəricisi kimi dəyərləndirən səfir ölkəmizdə aparılan demokratik islahatlara görə Prezident Heydər Əliyevə minnətdar olduğunu bildirmişdir.
Səfirin çıxışından sonra səsvermə başlanmış və Azərbaycan demokratik nümayəndəliyin əməkdaşlarından başqa, İranda təhsil alan azərbaycanlı tələbələrin və Tehranda müvəqqəti yaşayan vətəndaşlarımızın bir qrupu səsvermədə iştirak etmişlər. Qeyd edək ki, həmin gün Tehranın “Çehel sütun” hotelində də səsvermə təşkil edilmiş, bu hoteldə yerləşmiş 40-a qədər həmvətənimiz səsvermədə iştirak etmişlər.