İranın gündəlik neft hasilatı azalıb
Tehran, 16 may, AZƏRTAC
Apreldə İranda gündəlik neft hasilatı azalaraq 1 milyon 969 min barrelə düşüb.
AZƏRTAC xəbər verir ki, mart ayı ilə müqayisədə neft hasilatı sutkada 53 min barrel azalıb.
Qeyd edək ki, sanksiyalardan əvvəl İranda gündəlik hasilat 3 milyon 820 min barrel idi. Neft hasilatının azalmasının səbəbi ondan ibarətdir ki, sanksiya və koronavirus pandemiyası ilə əlaqədar ölkə iqtisadiyyatında zəifləmə müşahidə olunur, bu da yanacağa olan tələbatın azalmasına gətirib çıxarıb. Hazırda İranın daxilində neftə tələbat sutkada 120 min barreldir. Halbuki bir neçə ay əvvəl ölkə daxili tələbat gündəlik 1,8 milyon barrel təşkil edirdi.
Sanksiyaların mövcud olmasına baxmayaraq, İran bir sıra ölkələrə neft sata bilirdi. Koronavirus pandemiyası nəticəsində bütün dünyada təyyarə reyslərinin təxirə salınması tələbatı kəskin şəkildə azaldıb ki, bu da İrana valyuta daxil olmasını əhəmiyyətli dərəcədə əngəlləyib. İranda baş verən inflyasiya və gündəlik tələbat məhsullarının qiymətinin bahalaşması da məhz valyuta qıtlığının nəticəsidir.
Onun da nəzərə çatdıraq ki, İran uzun müddət sanksiyalara məruz qalsa da burada Venesuela, Kuba, Nikaraqua və başqa sanksiya altında olan ölkələr kimi ərzaq qıtlığı və gündəlik tələbat mallarının çatışmazlığı hiss olunmurdu.
Sanksiya rejiminə adaptasiya olunan İran iqtisadiyyatı daxili istehsal hesabına hələ də ayaqda qalmağı bacarır. Bu gün İran nəinki özünü ərzaq məhsulları ilə təmin edir, eləcə də kənd təsərrüfatı məhsullarını və tikinti materiallarını ixrac edərək valyutaya olan tələbatını qismən ödəyir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran