İranın sabiq Prezidenti Həsən Ruhaninin fəaliyyəti araşdırılır
Tehran, 2 noyabr, AZƏRTAC.
İran İslam Şurası Məclisinin (parlamentin) Səhiyyə komitəsi sabiq Prezident Həsən Ruhaninin koronavirusa qarşı mübarizə çərçivəsində apardığı siyasəti yanlış hesab edərək hesabat hazırlayıb və parlamentin plenar iclasında müzakirəyə çıxarıb.
AZƏRTAC xəbər verir ki, hesabatda Koronavirusa qarşı Milli Mübarizə Qərargahına rəhbərlik edən Həsən Ruhaninin fəaliyyəti kəskin tənqid olunub. Diqqətə çatdırılıb ki, prezident və qərargaha rəhbərlik edən H.Ruhani yanlış siyasət yürüdərək İranın tibbi potensialından düzgün istifadə etməyib və yerli peyvənd istehsalı xeyli gecikdirilib. Ölkəyə lazım olan qədər peyvənd alınıb gətirilməyib və əhali peyvəndlə təmin olunmayıb ki, bunun da nəticəsində minlərlə insan virusa yoluxaraq həlak olub.
Qeyd olunub ki, Koronavirusa qarşı Milli Mübarizə Qərargahında qəbul edilən qərarlar səsvermə yolu ilə deyil, H. Ruhaninin istəyinə uyğun olaraq verilib, icrası nəzarətsiz qalaraq yerinə yetirilməyib. Koronavirusla mübarizə üçün kifayət qədər maliyyə vəsaiti ayrılmayıb, lazım olan infrastruktur qurulmayıb, tibbi personala diqqət yetirilməyib ki, bu da virusun geniş yayılmasına və ölüm hallarının artmasına gətirib çıxarıb.
Müəllifləri hesabata əlavə olunan sənədləri nəzərdən keçirərək onları ədliyyə orqanlarına göndərilməsini və sabiq prezident H.Ruhaninin cavab verməsini tələb ediblər. Müzakirələrdən sonra H.Ruhaninin koronavirusla mübarizə çərçivəsindəki fəaliyyət barəsində toplanan sənədlərin ədliyyə orqanlarına göndərilməsi məsələsi səsə qoyulub.
İclasda iştirak edən 235 deputatdan 167-si hesabatın araşdırılması üçün ədliyyə orqanlarına göndərilməsinin lehinə, 28-i əleyhinə səs veriblər. Deputatlardan 15 nəfəri isə bitərəf qalıb.
Beləliklə H.Ruhani barəsində hazırlanan hesabat və ona əlavə olunan sənədlər araşdırılması üçün yaxın günlərdə ədliyyə orqanlarına göndəriləcək. Araşdırmanın nəticəsində hər hansı bir qanunsuzluq meydana çıxsan onda keçmiş prezident H.Ruhaninin məsuliyyətə cəlb edilməsi qaçılmaz olacaq.
Qeyd edək ki, 2019-cu ildə prezident H.Ruhaninin qardaşı Firudin Ruhani korrupsiya və rüşvətxorluqda ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran